Finss.az xəbər verir ki, çərşənbə axşamı ABŞ fond bazarında zəifləmə qeydə alınıb. Səbəblər arasında zəif iqtisadi göstəricilər, ticarət sahəsində qeyri-müəyyənlik və qarışıq rüblük maliyyə nəticələri yer alır.
ABŞ prezidenti Donald Tramp CNBC kanalına verdiyi müsahibədə bildirib ki, çip məhsullarına əlavə gömrük rüsumları tətbiq etməyi planlaşdırır. Onun sözlərinə görə, bu qərar ABŞ-da mikroçip istehsalını “yaxın bir həftə ərzində” başlatmaq məqsədi daşıyır. Prezident həmçinin əczaçılıq məhsullarına qarşı tariflərin 250%-ə qədər artırılması ehtimalından da danışıb.
Eyni zamanda, Təchizat İdarəetmə İnstitutunun (ISM) açıqladığı Xidmətlər üzrə Satınalma Menecerləri İndeksi (PMI) iyul ayında 50,8-dən 50,1-ə geriləyib. Bu, analitiklərin gözlədiyi 51,5 səviyyəsindən aşağıdır və xidmət sektorunda zəifləməni göstərir. Qeyd edək ki, ISM-in bu indeksi ABŞ ÜDM-nin 90%-ni və işçi qüvvəsinin 80%-ni təşkil edən xidmət sənayesinin 62 seqmentindən toplanmış məlumatlara əsaslanır.
Fond bazarındakı enişdə fərdi şirkət nəticələri də rol oynayıb. Belə ki, Gartner Inc şirkətinin səhmləri 27,6% ucuzlaşıb. Şirkət ikinci rübdə gəlirini 5,7% artırmasına baxmayaraq, 2025-ci il üzrə gəlir proqnozunu aşağı salıb.
İqtisadi qeyri-müəyyənlik fonunda investorların risk iştahası azalıb, bu da bazarda satış təzyiqini artırıb.