DÜNYA

06 Avqust

OPEC+ ölkələri sentyabrda gündəlik neft hasilatını artırmağı planlaşdırır

OPEC+ ölkələri sentyabr ayında neft hasilatını artırmağı planlaşdırır.

Finss.az “Bloomberg” agentliyinin məlumatına əsasən xəbər verir ki, səkkiz OPEC+ ölkəsi – Rusiya, Səudiyyə Ərəbistanı, Oman, Qazaxıstan, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Əlcəzair – sentyabr ayı üçün gündəlik neft hasilatını 548 min barel artırmağı planlaşdırır. Məsələ avqustun 3-də videokonfrans formatında keçirilmiş görüşdə müzakirə edilib.

Artım, könüllü hasilat ixtisarlarının mərhələli şəkildə ləğv olunması prosesinin bir hissəsi kimi qiymətləndirilir. Səudiyyə Ərəbistanı və tərəfdaşları bu mərhələni rəsmi şəkildə təsdiqləməyi hədəfləyir.

Qeyd olunur ki, adıçəkilən ölkələr 2026-cı ilin sonunadək gündəlik 1,65 milyon barel həcmində hasilat azaldılması öhdəliyi götürüblər. Bununla yanaşı, əlavə olaraq 2,2 milyon barel həcmində könüllü ixtisarlar da tətbiq edilib.

Birləşmiş Ərəb Əmirliklərinin hasilat kvotası isə 2024-cü ilin aprelindən başlayaraq gündəlik 300 min barel artırılmaqla mərhələli şəkildə yüksəldilir. Yeni qərarlar bu artımı da nəzərə alır.

Xatırladaq ki, may ayında OPEC+ ölkələri hasilat məhdudiyyətlərinin daha sürətli aradan qaldırılmasına qərar verərək gündəlik 411 min barel artıma getmişdi. İyun və iyulda da artım davam edib. Avqust üçün isə artım 548 min barel səviyyəsində müəyyənləşdirilib.

Bununla yanaşı, normanı aşan əvvəlki hasilatların kompensasiya edilməsi məqsədilə ölkələrin OPEC Katibliyinə təqdim etdiyi təzminat cədvəllərinə riayət etməsi tələb olunur. Bu səbəbdən avqust üçün icazə verilmiş maksimum hasilat artımı gündəlik 502 min barellə məhdudlaşdırılıb.

Sentyabr üzrə hasilat qərarının təsdiqi üçün görüş avqustun 3-də keçirilib. Normadan artıq hasilat edən ölkələr isə avqustun 18-dək təzminat planlarını yeniləməlidirlər.