DÜNYA

04 Avqust

BVF 2026-cı ilin iqtisadi artım proqnozunu 3,1%-ə çatdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci il üçün qlobal iqtisadi artım proqnozunu 0,2 faiz bəndi artıraraq 3%-ə, 2026-cı il üçün isə 0,1 faiz bəndi yüksəldərək 3,1%-ə çatdırıb.

Finss.az-ın məlumatına görə, bu göstəricilər fondun iyul ayı üçün yenilənmiş “Qlobal İqtisadi Perspektivlər” hesabatında əks olunub.

Hesabatda bildirilir ki, artımın əsas səbəblərindən biri bir sıra istehsalçıların “rüsumların artırılacağı” gözləntisi ilə tədarükləri artırması və ABŞ-də gömrük rüsumlarının apreldə elan ediləndən orta hesabla daha aşağı olmasıdır.

Bundan əlavə, dolların zəifləməsi və bəzi ölkələrdə fiskal stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi nəticəsində maliyyə şərtlərinin yaxşılaşması da artım amilləri sırasındadır.

Sənəddə həmçinin qeyd olunur ki, gömrük rüsumlarının artırılması qlobal iqtisadi artımın ləngiməsinə səbəb ola bilər.

BVF mütəxəssisləri bildirirlər ki, ABŞ uzunmüddətli ticarət razılaşmalarına nail ola bilməzsə, bu, dünya iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Eyni zamanda, geosiyasi gərginliklərin qlobal tədarük zəncirlərində pozulmalara və xammal qiymətlərinin yüksəlməsinə yol aça biləcəyi vurğulanır.