DÜNYA

18 İyul

Almaz qiymətlərinin düşməsi sənayəyə ağır zərbə vurub

Finss.az - Burgundy Diamond Mines Ltd. şirkəti Kanadanın şimalındakı Ekati mədənində açıq üsulla hasilatı müvəqqəti dayandırıb və bununla əlaqədar olaraq “bir neçə yüz” işçini işdən azad edib.

Bu, dünya bazarında almaz qiymətlərinin rekord səviyyədə aşağı düşməsi səbəbindən şirkətin fəaliyyətinin rentabelliyini itirməsi ilə bağlıdır.

Şirkətin baş direktoru Ceremi Kinq bildirib ki, Point Lake yatağında hasilat zərərlə nəticələnir və bunun davam etdirilməsi iqtisadi cəhətdən məqsədəuyğun deyil.

Ekati mədəni Kanadanın Şimal-Qərb ərazilərində fəaliyyət göstərən əsas almaz mədənlərindən biridir. Ötən il bu regiondakı almaz sənayesi ciddi maliyyə itkiləri ilə üzləşib.

Sənayedəki tənəzzülün səbəbləri arasında Çin bazarında tələbin azalması, ABŞ tarifləri ilə bağlı qeyri-müəyyənlik və laboratoriyada yetişdirilən almazların rəqabət qabiliyyətinin artması göstərilir. Bu hallar kanada almaz sənayesində uzun illərdir yaşanmayan maliyyə çətinliklərinə yol açıb.