DÜNYA

10 İyul

Aİ və ABŞ arasında gömrük rüsumları ilə bağlı razılaşma yaxınlaşır

Finss.az - Avropa Komissiyası (AK) ABŞ-la gömrük tarifləri üzrə razılaşma əldə etmək üçün intensiv danışıqlar aparır.

Bu barədə AK-nın rəsmi nümayəndəsi Olof Gill məlumat verib.

Gill bildirib ki, ABŞ əvvəllər 9 iyul olaraq müəyyən etdiyi yeni gömrük rüsumlarına dair razılaşmaların son tarixini 1 avqusta dəyişib. Buna baxmayaraq, Avropa İttifaqı bu tarixdən əvvəl razılaşmanın əldə olunacağına ümid edir.

“ABŞ-la qarşılıqlı faydalı razılaşmaya gəlmək bizim üçün prioritetdir. İndi qərar vermək iradəsi vacibdir”, – deyə Gill vurğulayıb.

O qeyd edib ki, Avropa Komissiyası sədri Ursula fon der Lyayen də çıxışında bu məsələni ön plana çəkərək bildirib: “Avropa İttifaqı qətiyyətlidir, lakin danışıqlar yolu ilə həllə üstünlük verir və istənilən ssenariyə hazırdır.”

Avropa Komissiyasının ticarət üzrə üzvü Maroş Şefçoviçin ABŞ tərəfi ilə daimi əlaqədə olduğu və siyasi səviyyədə təmasların davam etdiyi bildirilib.

Gill-in sözlərinə görə, hələ də müəyyən qeyri-müəyyənliklər mövcuddur, lakin bu vəziyyətdə məsuliyyət Aİ-yə aid deyil.

“Biz razılaşmaya ən qısa zamanda nail olmaqda qərarlıyıq və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə o əlavə edib.