Finss.az - Səudiyyə Ərəbistanında bu ilin aprel ayında neft hasilatı əvvəlki ayla müqayisədə 0,5% artaraq gündəlik 9,005 milyon barel təşkil edib.
Bu barədə Joint Organization Data Initiative (JODI) məlumat yayıb.
Hesabata görə, ölkənin neft ixracı da nəzərəçarpacaq dərəcədə artıb – mart ayında 5,754 milyon barel olan gündəlik ixrac həcmi apreldə 6,166 milyon barelə çatıb. Bu, aylıq müqayisədə 7,2%, ötən ilin aprel ayı ilə müqayisədə isə 3,3% artım deməkdir.
Neft hasilatını artıran ölkələrdən biri də Venesuela olub. Apreldə bu ölkənin gündəlik neft hasilatı 1,051 milyon barelə çatıb. Mart ayında bu göstərici 1,048 milyon barel, ötən ilin eyni dövründə isə 878 min barel idi.
Əksinə, ABŞ-da neft hasilatı bir qədər azalıb. Belə ki, apreldə gündəlik hasilat 0,3% azalaraq 13,443 milyon barel olub. Mart ayında bu göstərici 13,488 milyon barel idi. Lakin illik müqayisədə ABŞ-da hasilat həcmi 1,5% artıb.
ABŞ-ın neft ixracı isə artmaqda davam edir. Apreldə ixrac həcmi gündəlik 4,105 milyon barel təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 1,5%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,1% artım deməkdir.