Finss.az - Yaponiyalı milyarder Masayosi Son ABŞ-da texnoloji sənaye inqilabı yaratmaq niyyətindədir.
SoftBank Groupun təsisçisi Arizona ştatında 1 trilyon dollar dəyərində süni intellekt və robototexnika üzrə iri sənaye kompleksi inşa etməyi təklif edib.
Layihə “Crystal Land” iş adı altında planlaşdırılır və Çinin Şençjen modelinə bənzər texnoloji istehsal mərkəzi kimi qurulacaq. Məqsəd – yüksək texnologiyalı istehsalı ABŞ-a geri qaytarmaq və süni intellekt sahəsində dominant mövqe tutmaqdır.
Sonun bu təşəbbüsündə TSMC, Samsung və digər texnologiya nəhənglərinin də iştirakı nəzərdə tutulur. SoftBank artıq Donald Tramp administrasiyası və yerli hakimiyyətlə vergi güzəştləri üzrə danışıqlara başlayıb.
Məlumatlara görə, layihədə SoftBank-ın portfelində olan startaplar, o cümlədən Agile Robots da iştirak edə bilər. İnfrastrukturun maliyyələşdirilməsi isə layihə əsaslı model üzərindən həyata keçiriləcək.
Qeyd edək ki, Masayosi Son son vaxtlar texnologiyaya iri sərmayələrlə diqqət çəkir. O, daha əvvəl OpenAI-ya 40 milyard dollar, Stargate adlı data-mərkəzlərə və Ampere çip dizayn şirkətinə böyük sərmayələr ayıracağını açıqlamışdı.
Martın sonuna olan məlumata əsasən, SoftBank-ın sərəncamında 23 milyard dollar nağd vəsait, ümumilikdə isə 165 milyard dollarlıq aktiv mövcuddur.