Finss.az - 2025-ci ilin may ayında Rusiya Beynəlxalq (qızıl-valyuta) ehtiyatlarının həcmi 108 milyon ABŞ dolları, yəni 0,02% artaraq 680,379 milyard dollara çatıb.
Bu barədə məlumat Rusiya Mərkəzi Bankının rəsmi saytında yerləşdirilib.
Cari ilin yanvar-may aylarında isə ehtiyatlar 71,311 milyard dollar və ya 11,7% artaraq 609,068 milyard dollardan 680,379 milyard dollara yüksəlib.
May ayında ehtiyatlarda saxlanılan monetar qızılın dəyəri 1,175 milyard dollar və ya 0,5% artaraq 248,211 milyard dollara çatıb. Bu zaman qızılın ümumi ehtiyatlar içindəki payı rekord səviyyəyə — 36,5%-ə yüksəlib.
2022-ci ildə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardan sonra Rusiya Mərkəzi Bankı ehtiyatların böyük bir hissəsinin idarə edilməsində məhdudiyyətlərlə üzləşib. Lakin qızıl və Çin yuanı ilə olan aktivlər bu məhdudiyyətlərin xaricindədir. Ehtiyatların dinamikasında əsas rol qızıl-valyuta aktivlərinin ABŞ dollarına nisbətdə dəyər dəyişiklikləri, büdcə qaydaları və Milli Rifah Fondu ilə aparılan əməliyyatlar oynayır.
Beynəlxalq ehtiyatlar — Rusiya Mərkəzi Bankı və hökumətin sərəncamında olan yüksək likvidli xarici aktivlərdən ibarətdir. Onlara xarici valyutada aktivlər, monetar qızıl, Xüsusi Çəkmə Hüquqları (SDR), Beynəlxalq Valyuta Fondundakı ehtiyat mövqeyi və digər ehtiyat aktivləri daxildir.