Finss.az - ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi qlobal tariflər federal ticarət məhkəməsi tərəfindən qanunsuz sayılıb və bloklanıb.
Nyu-Yorkdakı ABŞ Beynəlxalq Ticarət Məhkəməsinin üç hakimdən ibarət heyəti Trampın fövqəladə vəziyyət haqqında qanunu tarifləri əsaslandırmaq üçün düzgün istifadə etmədiyi qənaətinə gəlib.
Bloomberg agentliyinin məlumatına görə, məhkəmə Trampın bu addımını qanuna zidd hesab edib və bir sıra iddiaları dəstəkləyib. Associated Press isə Trampın tarifləri ABŞ-ın ticarət siyasətini öz maraqlarına uyğunlaşdırmaq üçün danışıqlarda təzyiq vasitəsi kimi istifadə etdiyini yazır.
Ağ Ev sözçüsü müavini Kuş Desai bildirib ki, xarici ölkələrin ABŞ-a münasibətinin cavabsız qalması Amerika üçün uzunmüddətli ticarət kəsirinə səbəb olub. O, həmçinin vurğulayıb ki, məhkəmə hakimləri fövqəladə vəziyyətdə hökumətin necə hərəkət etməli olduğunu qərar verməməlidir.
Tramp 2025-ci ilin aprelində ABŞ-da fövqəladə vəziyyət elan edərək ticarət balansındakı kəsirin milli təhlükəsizlik üçün ciddi təhdid olduğunu bildirmişdi. ABŞ lideri təhdidin mənbəyinin xarici ölkələr olduğunu vurğulamışdı.
Məhkəmə qərarı ABŞ-ın ticarət siyasətində yeni bir mərhələ kimi qiymətləndirilir və gələcəkdə beynəlxalq ticarət münasibətlərinə təsir göstərə bilər.