DÜNYA

19 May

Avrozonanın iqtisadi artım proqnozlarını aşağı salıb

Finss.az - Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) və Avrozonanın qarşıdakı illər üzrə iqtisadi artım proqnozlarını azaldıb.

Təşkilatın bu gün açıqladığı bahar iqtisadi proqnozuna əsasən, 2025-ci ildə Aİ iqtisadiyyatı cəmi 1,1% artacaq. Halbuki, ötən ilin noyabrında bu göstərici 1,5% olaraq gözlənilirdi.

AK 2026-cı il üzrə artım proqnozunu da 1,8%-dən 1,5%-ə endirib. Bu dəyişikliklər əsasən ABŞ-ın son ticarət siyasətindəki dəyişikliklər və yeni tətbiq olunan idxal rüsumları ilə əlaqələndirilir. Eyni zamanda, tarif siyasətindəki qeyri-müəyyənlik də iqtisadi riskləri artırır.

Komissiyanın hesabatında qeyd olunur ki, çətinliklərə baxmayaraq, istehlak artımı və investisiyaların bərpası ilə 2026-cı ildə Aİ iqtisadiyyatının yenidən dirçələcəyi gözlənilir. Həmçinin dezinflasiyanın əvvəlki proqnozlarla müqayisədə daha sürətli olacağı qeyd olunur.

İstehlak qiymətləri indeksinin (HICP) bu il 2,3%, 2026-cı ildə isə 1,9% artacağı gözlənilir. Əvvəlki proqnozlarda bu göstəricilər müvafiq olaraq 2,4% və 2% idi.

Avrozonanın iqtisadi artımı isə 2025-ci ildə 0,9%, 2026-cı ildə isə 1,4% təşkil edəcək. Bu da əvvəlki 1,3% və 1,6%-lik proqnozlardan aşağıdır. HICP indeksi isə dəyişməz olaraq bu il 2,1%, gələn il 1,7% səviyyəsində gözlənilir.

İşsizlik səviyyəsi 2025-ci ildə Aİ üzrə 5,9% səviyyəsində qalacaq, 2026-cı ildə isə 5,7%-ə enəcək. Avrozonada isə bu göstəricinin 6,4%-dən 6,1%-ə qədər azalacağı proqnozlaşdırılır.

Büdcə kəsiri də artmaqda davam edir. Aİ ölkələrində bu göstərici 2023-cü ildə 3,2% idisə, 2025-ci ildə 3,3%, 2026-cı ildə isə 3,4%-ə çatacaq. Avrozonada da oxşar tendensiya müşahidə olunur – 3,1%-dən 3,3%-ə qədər artım gözlənilir.

Ümumi dövlət borcunun ÜDM-ə nisbətinin Aİ-də 2026-cı ildə 84,5%-ə, Avrozonada isə 91%-ə çatacağı bildirilir.

Aİ-nin əsas iqtisadi güclərinə gəldikdə, Almaniyanın bu il iqtisadi artım göstərməyəcəyi, 2026-cı ildə isə 1,1% artacağı proqnozlaşdırılır. Fransada bu göstəricilər 0,6% və 1,3%, İtaliyada 0,7% və 0,9%, İspaniyada isə 2,6% və 2% olacaq.