Finss.az - Danimarkada məşhur içki brendi Coca-Cola-ya qarşı istehlakçı boykotu qeydə alınıb.
Boykotun səbəbi kimi ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-a birləşdirmək planları və onun tətbiq etdiyi gömrük tarifləri siyasəti göstərilir. Məlumatı Financial Times (FT) yayıb.
Nəşrin məlumatına görə, Coca-Cola-nın Danimarkadakı istehsal və distribusiyasına cavabdeh olan Carlsberg Group şirkətinin baş direktoru Yakob Orup-Andersen bildirib ki, ölkədə Coca-Cola satışlarında “müəyyən eniş” müşahidə olunur. O qeyd edib ki, bu, amerikalı brendlərə qarşı olan istehlakçı boykotunun nəticəsidir.
“Coca-Cola-nın Danimarkada istehsal olunmasına baxmayaraq, istehlakçılar onu ABŞ brendi kimi qəbul edir və bəzi insanlar məhsuldan imtina etməyi seçib. Biz onların qərarına hörmətlə yanaşırıq,” — deyə Orup-Andersen bildirib.
Qeyd edək ki, yaranan vəziyyət yerli alternativin — Jolly Cola markasının satışlarına müsbət təsir göstərib. FT-nin yazdığına görə, Jolly Cola satışları bir il ərzində 13 dəfə artıb.
Finss.az xatırladır ki, Donald Tramp 2019-cu ildə Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ideyasını təklif etmiş və bu, Danimarka hökuməti tərəfindən qəti şəkildə rədd edilmişdi.