DÜNYA

22 Aprel

Azərbaycan və region ölkələri iqtisadi təzyiqlərə daha hazırlıqlıdır – "Moody’s"

Qazaxıstan, Azərbaycan və Özbəkistan son illərdə iqtisadiyyatlarını şaxələndirmək və dayanıqlığını artırmaq istiqamətində əhəmiyyətli nailiyyətlər əldə ediblər.

Finss.az xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda bildirilir.

Agentlik vurğulayıb ki, region ölkələrinin bank sistemləri orta səviyyəli iqtisadi şoklara qarşı daha dayanıqlı hala gəlib. Belə ki, 2014–2015-ci illərdəki valyuta böhranı və COVID-19 pandemiyasından sonra tətbiq edilən sərtləşdirilmiş tənzimləmə tədbirləri nəticəsində bank sektorunda dollarlaşma səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Bu isə bankların xarici iqtisadi təsirlərə qarşı həssaslığını aşağı salıb.

“Moody’s” həmçinin qeyd edib ki, regionun korporativ sektoru da iqtisadi qeyri-müəyyənliklərə qarşı daha hazırlıqlı vəziyyətdədir. Xüsusilə iri və dövlətə məxsus reytinqli şirkətlərin yüksək likvidlik səviyyəsi, sağlam maliyyə göstəriciləri və dövlət dəstəyinə çıxış imkanları onların bu qeyri-müəyyən şəraiti idarə etməsinə şərait yaradır.

Agentlik hesab edir ki, iqtisadi şaxələndirmə və ehtiyat fondlarının gücləndirilməsi region ölkələrinin gələcəkdə potensial iqtisadi təzyiqlərə qarşı daha dayanıqlı olmasını təmin edə bilər.

Fuad Mədətov
Finss.az