Finss.az - 2025-ci ilin yanvar ayının nəticələrinə görə, Rusiya neftinin Avropa İttifaqı ölkələrinə tədarükü 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə azalaraq 505,4 milyon avroya enib.
Bu barədə Avropa Statistika Xidməti – “Eurostat” məlumat yayıb.
Məlumata görə, bu, 2024-cü ilin avqustundan bəri qeydə alınan ən aşağı göstəricidir. Beləliklə, Rusiya Avropa İttifaqına neft ixrac edən ölkələr arasında 13-cü sırada yer alıb. Siyahının ilk üçlüyündə Norveç (3,5 milyard avro), ABŞ (3,3 milyard avro) və Qazaxıstan (2,6 milyard avro) yer alıb.
Macarıstan Avropa regionunda Rusiya neftinin əsas alıcısıdır. 2025-ci ilin əvvəlində Budapeşt Rusiyadan ümumilikdə 212,8 milyon avro dəyərində xam neft alıb. Macarıstanı Slovakiya (170,4 milyon avro) və Çexiya (122,2 milyon avro) izləyir.
Məlumata əsasən, Moskvaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqindən sonra Rusiyadan Avropa İttifaqı ölkələrinə xammalın tədarükü davamlı olaraq azalır. 2022-ci ilin dekabrında Brüssel, Rusiya neftinin dəniz yolu ilə idxalına embarqo qoyub və bir barel xam neft üçün qiymət tavanını 60 dollar olaraq müəyyən edib.
Buna baxmayaraq, Avropa İttifaqının bir neçə ölkəsi, xüsusən Macarıstan, Slovakiya və Çexiya boru kəməri vasitəsilə Rusiyadan neft tədarükünü davam etdirib. Lakin Rusiyanın Energetika və Maliyyə İnstitutunun analitikləri, 2025-ci ildə bu ixracın əhəmiyyətli dərəcədə azalacağını proqnozlaşdırırlar. Onların nəzərincə, “Drujba” kəməri ilə Rusiyadan xammalın tədarükü dekabrın sonunadək təxminən 2 milyon ton azalaraq 11 milyon tona düşəcək. Ekspertlər həmçinin 2025-ci ilin iyulunda Çexiyanın Rusiya xammalından imtina etməsi nəticəsində ixracatın daha kəskin şəkildə, yəni 10 milyon tona qədər azalacağını düşünürlər.