Finss.az - Rusiya ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında İkiqat Vergitutmanın Qarşısının Alınması Sazişi (İVQA) çərçivəsində dividend, faiz və royalti gəlirləri üçün 10% vergi dərəcəsinin tətbiq olunması nəzərdə tutulur.
Bu sözləri, Rusiya maliyyə nazirinin müavini Aleksey Sazanova deyib. Bənzər şərtlər Omanla bağlanmış sazişə də şamil edilir. Məlumata görə, BƏƏ nümayəndələri məhz "10-10-10" standart sxemi əsasında razılaşmaya nail olmağa çalışıblar. Bundan əlavə, ölkə rəsmiləri digər ərəb dövlətləri, xüsusilə Qətər və Səudiyyə Ərəbistanı ilə imzalanmış sazişlərin yenidən nəzərdən keçirilməsini və eyni vergi dərəcələrinin tətbiq olunmasını istəyiblər.
Hazırda Qətər və Səudiyyə Ərəbistanı ilə mövcud İVQA daha əlverişli şərtləri ehtiva edir. Belə ki, biznes üçün dividend vergisi 5%, dövlət şirkətləri və müəyyən digər kateqoriyalar üçün isə 0%-dir. Royalti dərəcələri isə fərqlidir: Qətər üçün 0%, Səudiyyə Ərəbistanı üçün isə 10% təşkil edir. Bu iki ölkə ilə standart şərtlərə keçidə dair danışıqlar Rusiya Maliyyə Nazirliyi tərəfindən 2024-cü ilin əvvəlindən etibarən aparılır.
Rusiya Maliyyə Nazirliyinin BƏƏ ilə vergi sazişini yenidən nəzərdən keçirmək niyyəti barədə ilk məlumat 2022-ci ilin noyabrında ortaya çıxmışdı. O zaman Aleksey Sazanov bildirmişdi ki, "dost" hesab edilən yurisdiksiyalarla – o cümlədən Türkiyə, Malayziya və BƏƏ ilə – vergi sazişlərinin yenilənməsinin məqsədi bu ölkələrdən real investor-rezidentlər tərəfindən birbaşa investisiyaların cəlbolunma xərclərini azaltmaqdır.
Sazanovun sözlərinə görə, danışıqların uzun müddət davam etməsi BƏƏ-nin Rusiya tərəfindən təklif olunan şərtlərə münasibəti ilə bağlı olub. "Onlar [BƏƏ] razılaşmaq və sazişi imzalamaq istədiklərini bildirdikdə, proses sürətləndi", – deyə nazir müavini qeyd edib. Sənədin imzalanmasının cari ilin birinci yarısında baş tutacağı gözlənilir.