Noyabr ayında Rusiya vətəndaşları Türkiyədə daşınmaz əmlakın satın alınmasında liderliyini davam etdirib.
Finss.az xəbər verir ki, Türkiyə Statistika İnstitutunun məlumatına görə, rusiyalılar oktyabrda 373 mənzil, noyabrda isə 421 mənzil alıblar. Bu siyahıda İran vətəndaşları ikinci yerdə (200 mənzil), ukraynalılar isə üçüncü yerdə (160 mənzil) qərarlaşıb.
Rusiyalılar iki ildən çoxdur ki, Türkiyədə mənzil alan əcnəbilərin siyahısına başçılıq edirlər. 2023-cü ildə onlar bu ölkədə ümumilikdə 10 min 560 mənzilə sahib olublar.
Statistika qurumunun məlumatına görə, noyabr ayında Türkiyədə əcnəbilərə 2151 mənzil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azdır. Oktyabrda əcnəbilərlə daşınmaz əmlak satışı üzrə ən çox əməliyyat İstanbulda (780 mənzil), Antalyada (752 mənzil) və Mersində (191 mənzil) həyata keçirilib.
Ümumilikdə isə yanvar-noyabr aylarında Türkiyədə xarici ölkə vətəndaşlarına ev satışının həcmi 2023-cü illə müqayisədə 35,1 faiz azalaraq 21 min 363 mənzil təşkil edib.
Qeyd edək ki, noyabrda Türkiyədə 153 min mənzil satılıb və bu, 2023-cü illə müqayisədə 63,6 faiz çoxdur. Daşınmaz əmlak satışında 26,3 min mənzillə İstanbul liderdir, onu 14,9 min mənzilin satıldığı Ankara və 8,6 min mənzilin satıldığı İzmir izləyir. Statistika İnstitutunun hesabatına görə, ilin əvvəlindən ölkədə ümumilikdə 1,3 milyon daşınmaz əmlak satılıb. Bu öncəki illə müqayisədə 16,4 faiz çoxdur.
Kaira Agayeva
Finss.az