İsveçdə uşaqlıq boynu xərçəngi üzrə skrininq proqramında ciddi boşluq aşkar edilib.
Finss.az xəbər verir ki, 1947-1952-ci illərdə dünyaya gəlmiş 155 min qadın xərçəngdən əvvəlki vəziyyətlərin və xərçəngin erkən mərhələlərinin aşkar edilməsi üçün əsas test olan insan papilloma virusuna (HPV) görə testdən keçməyib.
2017-ci ildə regionlar HPV testinin tətbiqi üçün vahid strategiya haqqında razılığa gəlinib. Strategiyaya əsasən, 70 yaşdan kiçik bütün qadınlar xərçəngdən qorunmaq üçün analiz verməli idi. Lakin bölgələrdə testin tətbiqi prosesi illər boyu uzandı. Nəticədə, keçid dövründə yaşı 70-ə çatmış 155 min qadın sınaqdan keçirilməyib. Bunun səbəbləri arasında maliyyə, kadr təminatı çatışmazlığı və İT sistemləri ilə bağlı çətinliklər daxildir.
Uşaqlıq boynu xərçənginin qarşısının alınması Reyestrindən əldə edilən məlumatlar göstərir ki, 2020-2022-ci illərdə bu yaş qrupu arasında 94 uşaqlıq boynu xərçəngi hadisəsi qeydə alınıb. 76 faiz hallarda xəstəlik müalicənin daha çətin və ya qeyri-mümkün olduğu son mərhələdə diaqnozu qoyulub. Müqayisə üçün qeyd edək ki, müntəzəm olaraq skrininqdən keçən qadınlar arasında xərçəngin son mərhələləri yalnız 3 faiz hallarda aşkar edilir.
İnfeksion epidemiologiya professoru Yoakim Dillnerin sözlərinə görə, əgər milli tövsiyələrə əməl edilsəydi, bu halların qarşısını almaq olardı. Regionlar gecikmələri resursların olmaması ilə izah edir. Məsələn, Vestra Hötaland bölgəsində 40 min qadından yalnız 12 mini testdən keçirilə bilib, bundan sonra proqram yüksək qiymətə görə dayandırılıb. Stokholm bölgəsində pandemiya və kadr çatışmazlığı səbəbindən 37 000 qadın testdən keçirilməyib. Bəzi bölgələrdə testləşmə ümumiyyətlə başlamayıb.
155 min qadınla bağlı hadisə İsveçin mərkəzləşdirilməmiş səhiyyə sisteminin hətta yoxlanılmış və həyati vacib təşəbbüslərin həyata keçirilməsində necə problemlər yarada biləcəyini nümayiş etdirir. Ekspertlər hesab edirlər ki, əlaqələndirilmiş səylər və milli standartlara riayət edilməsi bir çox ağır xəstəliklərin qarşısını ala bilərdi.
Kaira Agayeva
Finss.az