Birləşmiş Ştatlar yaxın bir neçə il ərzində İngiltərənin şərqindəki Suffolkdakı Lakenheath hərbi bazasında taktiki nüvə silahı yerləşdirə bilər.
Finss.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, hazırda Birləşmiş Ştatlar sözügedən aviabazada bir neçə milyon funt-sterlinq dəyərində taktiki nüvə silahları üçün anbar tikir və bu anbar yaxın bir neçə il ərzində tamamlanacaq. Nəşrin məlumatına görə, Avropada 100-ə yaxın Amerikanın B61 nüvə bombası yerləşdirilib, onlar NATO ölkələrində - Belçika, İtaliya, Hollandiya, Türkiyə və Almaniyadakı bazalarda saxlanılır. Qəzet qeyd edib ki, F-35 qırıcılarından atılan bu bombalardan daha 150-yə yaxını ABŞ-da yerləşir. Nəşr eyni zamanda vurğulayıb ki, Böyük Britaniya və Fransa öz taktiki nüvə silahlarını hazırlamaq üçün ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə edirlər. Qəzetin yazdığına görə, bu yolla London və Paris Vaşinqtondan hərbi asılılığını azaltmaq istəyir.
Bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan etmişdi ki, ABŞ-ın nüvə silahlarının Böyük Britaniyada yerləşdirilməsi yaxın gələcəkdə baş verə bilər. Yüksək səviyyəli diplomatın qeyd etdiyi kimi, ABŞ bu addımın Rusiyanı qorxuda biləcəyinə inanmaqla yanılır.
Kaira Agayeva
Finss.az