2023-cü ildə Avropa İttifaqında (Aİ) doğum səviyyəsinin 4 milyon ətrafında olacağı proqnozlaşdırılsa da, daha aşağı göstərici qeydə alınıb.
Finss.az xəbər verir ki, Avropanın “Eurostat” statistika xidmətinin məlumatına görə, 2023-cü ildə Aİ-də doğulan uşaqların sayı öncəki illə müqayisədə 5,5 faiz azalaraq 3 milyon 655 min nəfər təşkil edib. Bu, müvafiq statistikanın aparılmağa başlandığı 1961-ci ildən bəri ən aşağı göstəricidir.
Qurumun məlumatına görə, uşaqların sayında azalma tendensiyası ən çox Baltikyanı ölkələrdə, Yunanıstanda, İspaniyada, İtaliyada, Polşada və Finlandiyada özünü nümayiş etdirib. Bu ölkələrdə son on ildə doğulan uşaqların sayında azı 25 faiz azalma müşahidə olunub.
Ekspertlərin sözlərinə görə, aşağı doğum göstəriciləri əmək qabiliyyətli əhalinin sayının azalmasına səbəb olacaq ki, bu da öz növbəsində sağlamlıq və pensiya xərclərinin artması ilə nəticələnəcək və hökumətin büdcə yükünün artıracaq.
Qeyd edək ki, Aİ ölkələrində pik doğum sayı 1960-cı illərdə qeydə alınıb. O zaman Avropada hər il ortalama 7 milyona yaxın uşaq dünyaya gəlib.
Kaira Agayeva
Finss.az