DÜNYA

02 Dekabr

“Volkswagen” şirkətinə aid zavodlarda yeni tətil başlayıb

Almaniyanın metal işçiləri həmkarlar ittifaqı (IG Metall) bu gündən etibarən “Volkswagen” şirkətinə aid zavodlarda ölkə miqyasında tətillərin başladığını elan edib. 

Finss.az xəbər verir ki, “IG Metall” ilə şirkətin rəhbərliyi arasında aparılan müzakirələrlə əlaqədar nəzərdə tutulan müddət başa çatdığı üçün tətillərə yenidən başlanılıb. Müzakirələrdə həmkarlar ittifaqları təşkilatı maaşların artırılmasını, “Volkswagen” isə 10 faiz azaldılmasını tələb edir. 

“IG Metall”ın elan etdiyi xəbərdarlıq tətilləri “Volkswagen” şirkətinin 10 zavodunu əhatə edəcək və istehsal prosesi müvəqqəti dayandırılacaq. Yerli vaxtla saat 9:30-da “Volkswagen”in Zvikau zavodunda başlayan tətillər daha sonra Volfsburq, Hannover, Emden, Kassel-Baunatal, Braunşveyq, Salzqitter və Xemnits və Drezdendəki müəssisələri də əhatə edəcək. Xəbərdarlıq tətillərinin iki saat davam edəcəyi və hər iş növbəsində təkrarlanacağı bildirilir. 

“Volkswagen” şirkəti tətillərin təsirini minimuma endirmək üçün lazımi tədbirlərin görüldüyünü açıqlayıb. 

Qeyd edək ki, “Volkswagen” üzləşdiyi ciddi maliyyə çətinlikləri ilə əlaqədar Almaniyada üç zavodunu bağlayacağını, on minlərlə əməkdaşın işdən çıxarılacağını və 120 minə yaxın işçinin maaşlarının 10 faiz azaldılacağını elan edib. Şirkət indiyədək həmkarlar ittifaqlarının bütün tələblərini rədd edib. Hər iki tərəf müzakirələri dekabrın 9-da davam etdirəcək.

Kaira Agayeva 

Finss.az