DÜNYA

20 Noyabr

Populyar pəhrizlərin iqlimə təsiri araşdırılıb

Tulane Universitetində aparılan bir araşdırma populyar altı pəhrizin karbon izlərini müqayisə edərək, qidalanma sisteminin iqlimə təsirini hərtərəfli şəkildə qiymətləndirib.

Finss.az xəbər verir ki, professor Dieqo Rouzun rəhbərliyi ilə aparılan bu tədqiqat həm ətraf mühitə təsir, həm də pəhrizlərin qida keyfiyyətini diqqət mərkəzinə çəkib. Məlum olub ki, qida istehsalı, xüsusilə mal əti, istixana qazı emissiyalarının təxminən üçdə birinə səbəb olur. 

Araşdırma nəticələrinə görə, vegan pəhriz ətraf mühitə ən az təsir göstərən pəhrizdir: istehlak edilən 1000 kaloriyə yalnız 0,7 kiloqram karbon emissiyası yaranır. Buna qarşı olaraq, ən yüksək karbon izinə malik keto pəhriz eyni kalori miqdarı ilə təxminən 3 kiloqram karbon dioksid istehsal edir. Paleo pəhrizi isə yüksək karbon izi və aşağı qida keyfiyyəti ilə keto pəhrizini izləyib. Araşdırma nəticələrində göstərilib ki, vegetarian və peskatarian pəhrizlər veganizmdən sonra ətraf mühitə ən az təsir edən qidalanma tərzləridir. Ət və bitki əsaslı qidaları birləşdirən hərtərəfli pəhrizlər isə orta nəticə göstərib. Maraqlı bir nəticə ondan ibarətdir ki, əhalinin yalnız üçdə biri vegetarian pəhrizə keçərsə, bu, gündə 340 milyon avtomobil kilometrinə bərabər karbon emissiyasının azaldılmasına səbəb ola bilər. Digər tərəfdən, tərəvəz əsaslı Aralıq dənizi və ya DASH kimi ət məhdudlaşdıran pəhrizlər həm karbon izini azaldır, həm də daha yüksək qida keyfiyyəti təmin edir.

Araşdırma müəllifləri qeyd ediblər ki, ətdən tamamilə imtina etmədən də həm sağlamlığı, həm də karbon izini yaxşılaşdırmaq mümkündür. Professor Rouz bununla bağlı deyib: “İqlim dəyişikliyi dövrümüzün ən aktual problemlərindən biridir və insanlar getdikcə bitki əsaslı pəhrizə keçməyə maraq göstərirlər. Tədqiqatlar, siyasət müdaxilələrinin bu keçidlərə necə təsir edə biləcəyinə dair yol göstərici ola bilər. Bu tədqiqatın nəticələri həm fərdi qidalanma seçimlərinə, həm də dövlətlərin iqlim siyasətlərinə təsir edə biləcək dəyərli məlumatlar təqdim edir”

Kaira Agayeva 

Finss.az