DÜNYA

15 Noyabr

Avropada qazın qiyməti kəskin bahalaşıb

Avropada min kubmetr qazın qiyməti 2023-cü ilin noyabrından bəri ilk dəfə olaraq 500 dolları ötüb. 

Finss.az xəbər verir ki, London ICE birjasının məlumatına əsasən, qaz tədarükü fyuçersləri hazırda min kubmetr üçün 509 dollar təşkil edir.

“Financial Times” analitikləri qeyd edirlər ki, Avropada qazın qiyməti Rusiyadan tədarükün kəsilə biləcəyi ilə bağlı məlumatlar fonunda yüksəlir. Avstriyanın OMV qrupu müqavilə münasibətlərinin pisləşməsi səbəbindən yanacaq idxalında mümkün fasilələr barədə xəbərdarlıq edib. Şirkət arbitraj məhkəməsində “Qazpromun”un törəmə müəssisəsinə qarşı 230 milyon avro iddianı udub. 

OMV hələ may ayında bildirmişdi ki, Avropa İttifaqı məhkəməsi onu müqavilə üzrə ödənişləri dayandırmağa məcbur edərsə, bu, qaz idxalının dayandırılmasına səbəb ola bilər. 

Qiymət artımına anbarlardan rekord miqdarda - sutkalıq 500 milyon kubmetr qaz götürülməsi və bundan on dəfə az yanacaq vurulması da təsir göstərir. Avropanın yeraltı anbarlarında hazırda 102,2 milyard kubmetr qaz olduğu bildirilir.

Kaira Agayeva 

Finss.az