DÜNYA

04 Noyabr

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlərə başlayıb

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın yeni “Hwasong-19” qitələrarası ballistik raket buraxılışına cavab olaraq Koreya yarımadasından cənubda birgə hərbi hava təlimlərinə başlayıb.

Finss.az xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb. Hər 3 ölkədən qırıcıların və “B-1B” bombardmançı təyyarələrinin cəlb olunduğu təlim zamanı şərti hədəflərə hücum ssenariləri icra olunub.

“Üç ölkə arasında təhlükəsizlik əməkdaşlığının tədricən genişlənməsi fonunda biz Şimali Koreyanın təhdidlərinin qarşısını almaq və onlara birgə cavab vermək üçün koordinasiyanı gücləndirəcəyik”, - deyə Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasında bildirilir.

Bu, cari il ərzində tərəflərin ikinci birgə hərbi hava təlimləridir.

Xatırladaq ki, Şimali Koreya oktyabrın 31-də qitələrarası ballistik raket buraxıb. Ölkənin rəsmi informasiya agentliyi KCNA ballistik raketin buraxılışını ölkənin lideri Kim Çen Inın yerində izlədiyini bildirib. Yaponiyanın Müdafiə Nazirliyi raketin uçuşunun 1 saat 26 dəqiqə çəkdiyini, bunun Şimali Koreyanın indiyədək ən böyük uçuş həyata keçirən ballistik raketi olduğunu bəyan edib. Raketin təxminən ən yuxarısı 7 min kilometr yüksəklik olmaqla 1000 kilometr məsafə qət etdiyi bildirilir.

Cənubi Koreya, ABŞ və Yaponiya Şimali Koreyanın raket buraxılışını pisləyib.

Kaira Agayeva 

Finss.az