Böyük Britaniyada sığınacaq axtaran miqrantların yerləşdirilməsi üzrə illik xərclər son dörd ildə kəskin artaraq adambaşına 17 min funt sterlinqdən 41 min funt sterlinqə yüksəlib.
Finss.az xəbər verir ki, bu barədə İctimai Siyasət Araşdırmaları İnstitutunun (IPPR) araşdırmasında qeyd olunur.
Məlumata görə, 2019-2020-ci maliyyə ilində sığınacaq axtaranların yerləşdirilməsi və dəstəklənməsi üçün 739 milyon funt sterlinq xərclənib. Lakin bu rəqəm 2023-2024-cü maliyyə ilində 4,7 milyard funt sterlinqə çatıb ki, bu da hər bir miqranta görə illik orta xərclərin 41 min funt sterlinq səviyyəsində olduğunu göstərir.
Araşdırma mütəxəssisləri xərclərin artmasına əsas səbəb kimi yaşayış yerlərinin çatışmazlığını göstəriblər. Bələdiyyə mənzilləri, yataqxana kimi alternativlərin olmaması sığınacaq axtaranların hər gecəsi təxminən 145 funt sterlinqə başa gələn otellərdə yerləşdirilməsinə səbəb olur.
Kaira Agayeva
Finss.az