DÜNYA

14 Oktyabr

Çin şirkəti elektromobillərin Avropada istehsalı imkanını araşdırır

“GAC Motor” şirkəti Brüsselin Çindən idxal olunan mallara tətbiq etdiyi rüsumlardan yayınmaq üçün Avropada elektrikli avtomobillər istehsal etməyi düşünür.

Finss.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə şirkətin beynəlxalq biznes üzrə baş meneceri Vey Heyqana istinadla məlumat yayıb. Məlumata görə, indiyədək Avropa bazarına avtomobil çıxarmayan “GAC” Paris avtosalonunda avropalı alıcılar üçün uyğunlaşdırılmış elektrik avtomobili təqdim etmək niyyətindədir.

Avropada istehsalın lokallaşdırılmasının fəal şəkildə araşdırıldığını deyən Vey Heyqan bunun Brüsselin rüsum problemini həll etməyin bir yolu ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, şirkət Avropada öz zavodunu qurmaq və ya mövcud bir zavodu almaqla bağlı hələ qərar verməyib.

Xatırladaq ki, oktyabrın 4-də Avropa İttifaqı Çinin elektrik avtomobilləri üçün rüsumları 35 faizədək artırıb. Brüsselin bu addımını proteksionizm aktı kimi qiymətləndirən Pekin Avropa mallarına qarşı cavab tədbirləri elan edib. Çin artıq Avropa İttifaqından idxal olunacaq kənd təsərrüfatı məhsullarının antidempinq araşdırmasına başlayıb. Pekin, eyni zamanda, Aİ üzvü olan ölkələrdə istehsal edilən iri mühərrikli avtomobillərə tariflərin artırılmasını nəzərdən keçirir.

Kaira Agayeva 

Finss.az