DÜNYA

14 Oktyabr

Polşa Seyminin spikeri Baş nazirin miqrasiya planını dəstəkləmir

Polşa Seyminin spikeri Şimon Holovnya Baş nazir Donald Tuskun miqrasiya planını tənqid edib.

Finss.az xəbər verir ki, bu plan qanunsuz mühacirlərə sığınacaq verilməsindən müvəqqəti imtina olunmasını nəzərdə tutur.

“Təhlükəsizlik insanpərvərliyi istisna etmir. Beynəlxalq hüquqda sığınacaq hüququ “müqəddəsdir” və Polşanın ratifikasiya etdiyi konvensiyalardan irəli gəlir”, – deyə Şimon Holovnya bildirib. Onun sözlərinə görə, Donald Tuskun planı hökumət koalisiyasına daxil olan partiyaların ümumi fikri deyil və yalnız Baş nazirin lideri olduğu “Vətəndaş Koalisiyası”nın mövqeyini əks etdirir.

Baş nazirin miqrasiya planı Sol partiyanın parlament fraksiyasının rəhbəri Anna Jukovskaya tərəfindən də tənqidə məruz qalıb.

Qeyd edək ki, Polşa hökumətinin üzvləri bu gün Donald Tuskun miqrasiya planı ilə tanış olacaq, oktyabrın 16-da isə plan Nazirlər Şurasında səsverməyə çıxarılacaq.

Plan, həmçinin xarici vətəndaşlara verilən tələbə və iş vizalarının xeyli azaldılmasını nəzərdə tutur.

Kaira Agayeva 

Finss.az