Finss.az xəbər verir ki, Belarus hökuməti ağ kələm, alma və soğanın ixracı üçün lisenziyalaşdırma tətbiq edib. Müvafiq qərarı baş nazir Roman Qolovçenko imzalayıb. Məhdudiyyətlər üç ay ərzində qüvvədə qalacaq.
Qeyd olunan məhsullar, mənşə ölkəsindən asılı olmayaraq, Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi tərəfindən rayon icraiyyə komitələri ilə razılaşdırılaraq verilən birdəfəlik lisenziyalar əsasında ixrac ediləcək. Lisenziyanın verilməsi ilə bağlı qərar qəbul edilərkən Belarusda bu məhsulların həcmi və ölkənin ona olan ehtiyacları qiymətləndiriləcək.
“Sənəd mövsümlərarası dövrdə daxili bazarı kənd təsərrüfatı məhsulları ilə tam təmin etmək məqsədi ilə imzalanıb”, – qərarda deyilir (İnterfaks).
2022-ci ilin martında Belarus taxıl ixracına qadağa qoyub. 2023-cü ilin martında Belarus hökuməti bu məhdudiyyətləri taxıl məhsullarının lisenziyası ilə əvəz etdi. Bu həftə Belarus taxılçılıq lisenziyasını daha altı ay müddətinə uzadıb.
Kaira Agayeva
Finss.az