DÜNYA

01 Oktyabr

Tayvan hökuməti adaya yaxınlaşan tayfuna qarşı tədbirlər görür

Tayvan güclü “Kraton” tayfununun yaxınlaşması ərəfəsində oktyabrın 1-də adanın cənub hissəsində məktəbləri bağlayıb və minlərlə insanı təxliyə edib. Ölkə Prezidenti təbii fəlakətin ciddi zərər verə biləcəyi barədə xəbərdarlıq edib.

Üçüncü kateqoriyadan olan qasırğanın saatda 198 kilometrə qədər davamlı küləklərlə müşayiət olunacağı və onun bu ölkənin ən böyük liman şəhəri Kaohsiunqin yaxınlığında quruya çatacağı gözlənilir.

Finss.az xəbər verir ki, hökumət Tayvanın cənub-şərqində məktəbləri və ofisləri bağlamaq qərarına gəlib. Daxili İşlər Nazirliyinin məlumatına görə, ehtiyat tədbiri olaraq, həssas ərazilərdən 7800-dən çox insan təxliyə edilib.

Prezident Lay Tsin-de bildirib ki, tayfun “qaçılmaz fəlakətli nəticələrə gətirib çıxaracaq” və onun trayektoriyası qeyri-adi olacaq; “Kraton” cənubdan şərqə doğru hərəkət edir, bu isə daha təhlükəlidir.

Tayfun təhlükəsi ilə əlaqədar bir çox beynəlxalq və daxili reyslər təxirə salınıb. Müdafiə Nazirliyi 40 minə yaxın əsgərin hazır vəziyyətdə olduğunu bildirib.

İyul ayında ölkəni vuran və son səkkiz ilin ən güclü qasırğası olan “Gaemi” tayfunu azı 10 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub. Tayvan iyul və oktyabr ayları arasında tropik fırtınalara alışsa da, ekspertlər iqlim dəyişikliyinin intensivliyini artırdığını, onun intensiv yağış, sel və güclü küləklər gətirdiyini deyirlər.

Kaira Agayeva 

Finss.az