DÜNYA

26 Sentyabr

İsrailli nazirlər “Hizbullah” ilə atəşkəs razılaşmasına qarşıdır

İsrail hökumətinin bəzi nümayəndələri Baş nazir Binyamin Netanyahunu “Hizbullah” hərəkatı ilə atəşkəs ideyasından imtina etməyə çağırıb.

Finss.az xəbər verir ki, ölkənin maliyyə naziri Betsalel Smotriç İsrail üçün yalnız bir yolun olduğunu və bunun da “Hizbullah” hərəkatının məğlubiyyətindən keçdiyini deyib: “Düşmənə ağır zərbələrdən özünə gəlməyə imkan vermək olmaz. Əks halda “Hizbullah” 21 gün ərzində hərbi əməliyyatlara hazırlaşa bilər”.

İsrail hökumətinin bir sıra yüksək vəzifəli üzvləri də müvəqqəti atəşkəs rejiminin əleyhinə çıxış ediblər. Onların arasında Qüds və irs naziri Amihay Eliyahu, məskunlaşma işləri naziri Orit Struk, həmçinin mədəniyyət və idman naziri Miki Zoar da var.

Qeyd edək ki, bir müddət öncə, BMT-yə üzv bir sıra dövlətlər - ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, həmçinin Avropa İttifaqı Livan-İsrail sərhədi boyunca 21 günlük atəşkəsə çağıran birgə bəyanat imzalayıblar.

Kaira Agayeva 

Finss.az