DÜNYA

25 Sentyabr

İsveçin cinayətkar dəstələri İslandiyada fəaliyyətini genişləndirir

İsveçin kriminal dəstələrinin üzvləri İslandiyada cinayətkar fəaliyyətlərini genişləndirir.

Finss.az xəbər verir ki, İslandiya hökuməti ölkədə İsveç cinayətkar şəbəkələrinin rəhbərlərinin təşkil etdiyi cinayətlərin sayının artdığını bildirib.

İslandiya polisinin məlumatına görə, hazırda ölkədə 10-u xarici olmaqla 15-18 cinayətkar dəstə var. Bu hadisələrdən narahat olan hökumət keçən həftə sərhəd nəzarətini gücləndirmək qərarına gəlib.

İslandiyanın ədliyyə naziri Qudrun Hafştaynsdottir bildirib: “Mütəşəkkil cinayətkarlıq sərhəd tanımır, onun kökünü kəsmək üçün sərhədçilər, polis və qonşu ölkələrin hakimiyyət orqanları arasında sıx əməkdaşlıq lazımdır”. O əlavə edib ki, ötən il İsveçin cinayətkar dəstəsi tərəfindən polis avtomobili yandırılıb.

İslandiyada cinayətlərin sayının artması İsveçin Uppsala şəhərində Skandinaviya ölkələri, Farer adaları, Qrenlandiya və Aland adalarının ədliyyə nazirlərinin dörd böyük texnologiya şirkəti - “Google”, “Meta”, “Snapchat” və “TikTok” nümayəndələri ilə görüşündə də müzakirə olunub. Görüşdə cinayətkar dəstələr tərəfindən yayılan statusların dayandırılması çağırışı edilib.

Kaira Agayeva 

Finss.az