DÜNYA

25 Sentyabr

Çin və Braziliya Rusiya və Ukrayna arasında nizamlanma planını canlandıracaq

Çin və Braziliya altı bənddən ibarət “sülh planı”nı BMT Baş Assambleyası çərçivəsində müzakirə etmək istəyirlər. İclasda 20-yə yaxın ölkədən nümayəndə iştirak edəcək, lakin təşəbbüsü tənqid edən ABŞ və Aİ iştirak etmək niyyətində deyil.

Finss.az xəbər verir ki, Çin və Braziliya cümə günü, sentyabrın 27-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiya və Ukrayna arasında öz sülh planını təbliğ edəcək görüş təşkil edirlər.

Azərbaycan, Kolumbiya, Misir, Keniya, Meksika, Səudiyyə Ərəbistanı, Tailand, Birləşmiş Ərəb Əmirlikləri və Vyetnam da daxil olmaqla ən azı 20 ölkədən nümayəndələr iclasda iştirak edəcəklərinə söz veriblər, lakin ABŞ və ya Avropa İttifaqının iştirakı gözlənilmir. Sammitin hansı səviyyədə keçiriləcəyi - dövlət başçıları, xarici işlər nazirlikləri və ya daha aşağı səviyyəli diplomatlar - hələ ki, məlum deyil.

Sentyabrın 24-də BMT Baş Assambleyasında çıxış edən Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, münaqişədə olan tərəflərdən heç biri “açıq şəkildə öz məqsədlərinə hərbi yolla nail ola bilməyəcək” və dialoqun bərpasına çağırıb. Lulanın nümayəndə heyətindəki mənbə SCMP-yə deyib ki, o, hərbi əməliyyatlara son qoymağın bir yolunu tapacaq “sülh konfransı üçün zəmin yaratmağa” çalışır.

Kaira Agayeva 

Finss.az