DÜNYA

15 Avqust

ABŞ vətəndaşlığı olan rusiyalı qadın dövlətə xəyanət ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib

Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi bu ölkənin və ABŞ-nin vətəndaşı olan Kseniya Karelinanı dövlətə xəyanətdə təqsirli bilib və cəzasını ümumi rejimli koloniyada çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edib.

Finss.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Məhkəmə onun təqsirli bilinməsi və 12 il müddətində cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarıb”, - hakim bildirib.

Sverdlovsk Vilayət Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, Karelina cəza müddətindən sonra əlavə olaraq 1,5 il müddətinə azadlığın məhdudlaşdırılmasına və 300 min rubl məbləğində cəriməyə məhkum edilib.

Xatırladaq ki, daha əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi Rusiya və ABŞ vətəndaşlığı olan 33 yaşlı Los Anceles sakininin Yekaterinburqda Ukrayna Silahlı Qüvvələrinə yardım topladığına görə vətənə xəyanətdə ittiham olunaraq həbs edildiyini açıqlamışdı. Onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Kaira Agayeva 

Finss.az