NASA zondunun məlumatlarına əsaslanaraq Qırmızı planetin səthinin altında nəhəng bir okeanın mövcud ola biləcəyi ehtimal edilir. Kaliforniya Universitetinin amerikalı geofizikləri Marsın səthinin dərinliklərində bu nəhəng okeanın mövcud ola biləcəyini müəyyən ediblər. Bu tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) elmi jurnalında dərc olunub.
Finss.az-ın məlumatına görə, bu nəhəng su anbarı NASA-nın InSight Lander cihazı tərəfindən əldə edilən seysmik məlumatlar əsasında aşkar edilib. Tədqiqat göstərir ki, Marsın yer qabığının dərinliklərində çox güman ki, əzilmiş maqmatik qaya parçalarından ibarət və maye suyu saxlamaq üçün kifayət qədər geniş bir təbəqə var. Bu təbəqə Marsın səthini 1-2 km qalınlığında su ilə əhatə edə biləcək potensiala malikdir.
Lakin bu nəhəng su ehtiyatlarına çatmaq çətindir, çünki onlar səthdən 11,5 ilə 20 km arasında dərinlikdə yerləşir. Alimlər bildirirlər ki, bu suyun mövcudluğunu təsdiqləmək və mikrob həyatının potensial izlərini araşdırmaq üçün qazma qurğuları və digər əlavə avadanlıqlar tələb olunacaq.
Kaira Agayeva
Finss.az