DÜNYA

12 Avqust

Polşa və ABŞ “Patriot” üçün 48 buraxılış qurğusunun istehsalına dair müqavilə imzalayıb

Amerikanın RTX (Raytheon Technologies Corporation) şirkəti və Polşanın “Huta Stalowa Wola” şirkəti “Patriot” zenit-raket komplekslərinin tərkib hissəsi olan “M903” buraxılış qurğusunun 48 ədəd həcmində istehsalı üzrə müqavilə imzalayıb.

Finss.az TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb.

“Baş nazirin müavini Vladislav Kosinyak-Kamış (həm də Polşanın müdafiə naziri) və müdafiə nazirinin müavini Pavel Beydanın iştirakı ilə 48 ədəd “M903” raket buraxılış qurğusunun istehsalına dair müqavilə imzalanıb. Sənəd “Wisla” proqramının (Polşanın uzaqmənzilli raketdən müdafiə sisteminin yaradılması – red.) II fazasının həyata keçirilməsi təşəbbüsünü və 2027-2029-cu illər ərzində Polşa istehsalçıları ilə əlavə komponentlərin tədarükü üzrə müqavilələrin imzalanmasını özündə ehtiva edir”, - Nazirliyin “X” sosial şəbəkə hesabında yazılıb.

Polşa müdafiə nazirinin sözlərinə görə, müqavilənin dəyəri 1,23 milyard ABŞ dolları təşkil edib.

Daha əvvəl “Huta Stalowa Wola” RTX lisenziyası ilə artıq Polşada olan iki “Patriot” batareyası üçün 16 buraxılış qurğusu istehsal edib. 2018-ci ildə Varşava Vaşinqtonla yeni yaranmaqda olan “Wisla” milli raketdən müdafiə sistemi üçün “Patriot” hava hücumundan müdafiə sistemi almaq üzrə müqavilə imzalayıb. ABŞ həmçinin Polşa komplekslərinin döyüş meydanında avtomatlaşdırılmış qoşun idarəetmə sisteminin yaradılmasını nəzərdə tutan IBCS sisteminə inteqrasiyasına da razılıq verib.

Kaira Agayeva 

Fins.az