DÜNYA

06 Avqust

Entoni Blinken Yaxın Şərqdəki tərəfləri gərginliyi azaltmaq üçün addımlar atmağa çağırıb

ABŞ  dövlət katibi Entoni Blinken Yaxın Şərqdəki bütün tərəfləri gərginliyi azaltmaq üçün addımlar atmağa çağırıb.

Finss.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Entoni Blinken ölkəsinə səfər edən avstraliyalı həmkarı Penni Vonq ilə paytaxt Vaşinqtonda görüşüb.

Entoni Blinken mətbuata açıqlamasında ötən həftə ''Həmas'' Siyasi Bürosunun başçısı İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərqdəki vəziyyətin gərginləşdiyini bildirib.

Qəzzada atəşkəsin elan edilməsinin vacibliyini vurğulayan Entoni Blinken bunun bölgədə sakitliyin təmin olunmasına zəmin yaradacağını qeyd edib.

Yaxın Şərqdəki bütün tərəfləri gərginliyi azaltmaq üçün addımlar atmağa çağıran Entoni Blinken deyib: "Gərginliyin artması heç kimin xeyrinə deyil. Bu, daha çox qarşıdurma və daha çox zorakılığa səbəb olacaq".

İsrailin ötən həftə Livanın paytaxtı Beyrutda Hizbullahın komandirlərindən biri olan Fuad Şükürə hücum etməsi və ''Həmas''ın başçısı İsmayıl Haniyəni İranın paytaxtı Tehranda öldürülməsindən sonra bölgədə gərginlik artıb.