DÜNYA

10 İyul

Vaşinqtonda NATO Sammiti başlayıb

İyulun 9-dan 11-dək ABŞ-ın paytaxtı Vaşinqtonda NATO-ya üzv 32 ölkənin, tərəfdaş ölkələrin və Avropa İttifaqının iştirakı ilə NATO Sammiti keçirilir.

AZƏRTAC xəbər verir ki, “Ukrayna və trans-Atlantik təhlükəsizlik” mövzusunda keçirilən tədbir həm də NATO-nun 75 illiyinə həsr olunub. 75 il əvvəl 12 ölkə Vaşinqtonda bir araya gələrək Şimali Atlantika Müqaviləsini imzalayıblar.

Sammit ABŞ Dövlət Departamentinin ev sahibliyi ilə “Qadın, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa ilə başlayıb. İyulun 9-da, həmçinin NATO Baş katibinin iştirakı ilə Müdafiə Sənayesi Forumu keçiriləcək. Günün yekununda NATO-nun 75 illiyinə həsr edilən tədbir olacaq.

İyulun 10-da NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə NATO Sammiti başlayacaq. Sammitə paralel olaraq Vaşinqton NATO İctimai Forumuna ev sahibliyi edəcək. Məqsəd NATO-nun siyasəti, məqsədləri və qərarlarının maraqlı tərəflərin köməyilə daha yaxşı çatdırılmasını təmin etməkdir. ABŞ Dövlət katibi Antoni Blinkenin dəvəti ilə NATO-ya tərəfdaş ölkələrin xarici işlər nazirləri, o cümlədən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Sammitində iştirak edəcək.

Sammitin sonuncu günü NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları və Hind-Sakit okean regionu tərəfdaşları və Avropa İttifaqı nümayəndələri ilə görüş nəzərdə tutulub. Həmçinin iyulun 11-də NATO-Ukrayna Şurasının toplantısı keçiriləcək. Toplantıda NATO liderləri və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır.