DÜNYA

09 İyul

Narendra Modi Rusiyada sәfәrdәdir

Hindistanın Baş naziri Narendra Modi Rusiyaya rәsmi sәfәr edib.

Fins.az xəbər verir ki, N. Modi Rusiyaya etdiyi sәfәr çәrçivәsindә prezident Vladimir Putinlə görüşüb. Kremldә keçirilәn görüşün mətbuata açıq hissəsində çıxış edәn Vladimir Putin keçən il iki ölkə arasındakı ticarət həcminin 66 faiz artdığını vurğulayıb. Bu ilin ilk rübündə ticarət həcminin 20 faiz artdığına diqqət çəkən Vladimir Putin deyib: "Münasibətlərimiz imtiyazlı strateji ortaqlıq xarakteri daşıyır". 

Vladimir Putin iki ölkənin BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq etdiyini xatırladıb. “Ən kritik məsələlərə göstәrdiyiniz diqqətә görә Sizә minnәtdaram’’,-deyә Vladimir Putin vurğulayıb. 

Dünyanın son 5 ildə müxtəlif problemlərlə mübarizə apardığına diqqət çəkən Narandra Modi deyib: "Raketlər problemlərin həllinə kömək etməyəcək. Dinc dialoqun zəruri olduğuna inanırıq". Ən qısa zamanda sülhün bərqərar olması mövzusunda Vladimir Putinlə razılaşdıqlarını ifadə edən Narendra Modi deyib: "Bu mövzuda hər cür yardıma hazırıq’’.

İyun ayında and içərək üçüncü dәfә vәzifәsinin icrasına başlayan Narendra Modi Vladimir Putinlə ikitərəfli münasibətlərin bütün aspektlərini nəzərdən keçirməyi və müxtəlif qlobal problemləri müzakirә etmәyi səbirsizliklə gözlədiyini açıqlayıb.

Tәrәflәrin ticarət, təhlükəsizlik, regional və qlobal problemlər kimi məsələləri müzakirə edəcəyi gözlənilir. Amerika Birlәşmiş Ştatları Narendra Modinin Rusiyaya səfərinə reaksiya versə də, Hindistan və Rusiyanın ikitərəfli münasibətlərini dərinləşdirəcəyi düşünülür.

Qeyd edәk ki, Narendra Modi sonuncu dəfə 2021-ci ildə Özbəkistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkәlәrin liderlәrinin sammiti çәrçivәsindә Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü.