DÜNYA

05 İyul

“AzerGold” hasilatın pay bölgüsü haqqında Saziş üzrə səlahiyyətlərinin icrasına başlayıb

Məlum olduğu kimi, Milli Məclis tərəfindən ratifikasiya olunan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 21 iyun 2024-cü il tarixində təsdiq edilən Qanuna əsasən, Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının R.V. Investment Group Services, LLC arasında bağlanmış Sazişin həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə ötürülüb.

Fins.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, məqsəd Saziş üzrə işlərin icrasında R.V. Investment Group Services, LLC ilə dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti arasında səmərəli əməkdaşlığın təmin edilməsidir. Sazişin şərtlərinə əsasən, “AzerGold” QSC R.V. Investment Group Services, LLC-yə hüquq və mənafelər vermək, fəaliyyətin səmərəli təşkil edilməsinə nəzarət etmək, mədən-filiz əməliyyatlarının həyata keçirilməsi üçün hökumət orqanları ilə əməkdaşlığı təmin etmək və digər öhdəlikləri daşıyır. 

Saziş sahələrində mədənlərin idarəolunması, geoloji kəşfiyyat, hasilat, istehsalat, həmçinin ətraf mühitin mühafizəsi, yerli icmalarla işin təşkili, korporativ sosial məsuliyyət və digər istiqamətlərdə R.V. Investment Group Services, LLC tərəfindən fəaliyyət “AzerGold” QSC-nin nəzarəti ilə icra ediləcək. “AzerGold” QSC operator şirkətin dağ-mədən fəaliyyətinin yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun icrasını təmin edəcək.

Kaira Agayeva 

Fins.az