DÜNYA

05 İyul

MGİMO və Azərbaycan İdman Akademiyasının “İdman menecmenti” üzrə birgə proqramının ilk məzunları diplom aldılar

İyulun 5-də Moskva Dövlət Beynəlxalq Münasibətlər Universiteti (MGİMO) və Azərbaycan İdman Akademiyası tərəfindən birgə həyata keçirilən “İdman menecmenti” magistr ixtisası üzrə təhsil alan ikili diplom proqramının məzunlarına diplomlar təqdim olunub. 

Fins.az xəbər verir ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən tədbirdə MGİMO-nun rektoru Anatoli Torkunov, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev və hər iki ali təhsil müəssisəsini təmsil edən rəsmilər iştirak ediblər. Proqramın ilk məzunlarına diplomları rektorlar Anatoli Torkunov və Fuad Hacıyev təqdim edib. 

Açılış nitqində MGİMO-nun rektoru Anatoli Torkunov birgə təhsil proqramının ölkələrimiz arasındakı dostluğun və əməkdaşlığın parlaq nümunəsi olduğunu, MGİMO və Azərbaycan İdman Akademiyasının birlikdə təhsil sahəsində yeni bir səhifə açaraq, əmək bazarı üçün peşəkar mütəxəssislərin yetişdirilməsinə böyük töhfə verdiyini vurğulayıb. 

Tədbirdə çıxış edən Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev bildirib ki, proqramın unikal xüsusiyyəti dünya səviyyəli və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasına imkan yaratmasındadır. Bu proqram sayəsində məzunlar idman menecmenti sahəsində geniş bilik və təcrübə əldə edirlər.

© Azertac

Kaira Agayeva 

Fins.az