İyulun 3-də Azərbaycan Çin vətəndaşları üçün bir illik vizasız rejim tətbiq etdikdən sonra, Çin onlayn səyahət platformalarında Azərbaycanla əlaqəli turizm məhsullarına maraq kəskin şəkildə artıb.
Fins.az xəbər verir ki, iyulun 4-də Azərbaycanla əlaqəli turizm məhsullarının axtarış həcmi 50 % artıb.
Bildirilib ki, Azərbaycan istiqamətinə olan sifarişlər ötən ilin iyulun əvvəli ilə müqayisədə 85 % artıb. Qafqaz ölkələrinə - Azərbaycan, Gürcüstan və Ermənistana olan sifarişlər isə 103 % artıb.
Məlumata görə, bu ilin iyulun 4-nə qədər Çindən Azərbaycana aviabilet sifarişlərinin həcmi 336 %artıb.
Qeyd edək ki, Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq edilib. Bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də qeyd olunub.
Bu ilin yanvar-may aylarında Azərbaycana 179ölkədən 965,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 35,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Çindən Azərbaycana gələnlərin sayı 2,8 dəfə artıb.
Kaira Agayeva
Fins.az