DÜNYA

21 İyun

Qazaxıstan parlamenti Senatı TDT ilə yükdaşımalar sahəsində sazişi təsdiqləyib

Qazaxıstan parlamenti Senatının deputatları Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri arasında beynəlxalq kombinə olunmuş yüklərin daşınması haqqında sazişin ratifikasiyasını nəzərdə tutan qanunu təsdiqləyiblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin noyabrında Səmərqənddə imzalanmış bu saziş TDT-yə üzv ölkələr arasında tranzit-nəqliyyat potensialının və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsinə yönəlib.

Saziş çərçivəsində TDT ölkələri arasında dəmir yolu, su və avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi artırılacaq. Tərəflər kombinə olunmuş yüklərin daşınmasının təşviqi üzrə əməkdaşlıq edəcək və qarşılıqlı yardım göstərəcəklər. Bu məqsədlə maraqlı dövlət orqanlarının və təşkilatların nümayəndələrindən ibarət komitə yaradılacaq.

Xatırladaq ki, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev 2023-cü ildə Qazaxıstan ilə TDT-yə üzv dövlətlər arasında yükdaşımaların həcminin təxminən 40 milyon ton təşkil etdiyini bildirib. O qeyd edib ki, bu, 2022-ci il göstəricisindən 15 faiz çoxdur.