DÜNYA

19 İyun

Çində tikintiyə investisiyalar kəskin azalıb  

Yanvar-may aylarında Çində tikintiyə investisiyalar illik müqayisədə 10,1 faiz azalıb.

Fins.az xəbər verir ki, bu məlumatı Çin Dövlət Statistika İdarəsi açıqlayıb.

Mütəxəssislər hesab edirlər ki, bu, Çin daşınmaz əmlak bazarında ciddi böhrana səbəb olan ən böyük developer “Evergrande”-nin iflası ilə əlaqədardır.

Yanvar ayında Honq-Konq məhkəməsi milyardlarla dollar borca görə “Evergrande”nin ləğvinə qərar verib. Martın əvvəlində Çinin mənzil, şəhər və kənd tikintisi naziri Ni Honq bildirib ki, səlahiyyətlilər milli daşınmaz əmlak bazarının sabitliyini təmin etmək üçün əlavə səylər göstərəcəklər.

Eyni zamanda Dövlət Statistika İdarəsinin məlumatlarına əsasən, tikinti ilə bağlı vəziyyət Çin iqtisadiyyatında heç bir xüsusi problem yaratmayıb. Çin yüksək texnologiyalı sənayelərə investisiyaları artırır. Onlar yanvar-may aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artıb. Xidmət sektoruna investisiyalar 14,3 faiz, infrastruktur tikintisinə 5,7 faiz, emal sənayesinə 9,6 faiz artıb.

Ümumilikdə, Çinin əsas kapitala investisiyası 2024-cü ilin ilk beş ayında illik müqayisədə 4 faiz artaraq 18,8 trilyon yuana (təxminən 2,64 trilyon dollar) çatıb.