Stoltenberq: NATO ölkələri nüvə başlıqlarının döyüşə hazır vəziyyətə gətirilməsini müzakirə edirlər. Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələr nüvə silahının hazır vəziyyətə salınmasının zəruriliyi ilə bağlı məsləhətləşmələrə başlayıb.
Fins.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Mən neçə nüvə başlığının işlək olması və onların necə saxlanması barədə əməliyyat təfərrüatlarına varmayacağam, lakin bu məsələlərlə bağlı məsləhətləşməliyik. Biz məhz belə edirik”, - Stoltenberq bildirib.
İyunun 17-nə keçən gecə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünyada döyüş hazırlığı vəziyyətində olan nüvə başlıqlarının sayının artdığını elan edib.
İyunun 13-də Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, NATO-nun hərbi planlaşdırılmasında nüvə silahının rolu artır və onun digər Avropa ölkələrində yerləşdirilməsi ilə bağlı danışıqlar gedir.
Bundan əvvəl Stoltenberq bildirib ki, NATO ölkələri öz nüvə çəkindirməsinin yeni şəraitə uyğunlaşdırmalıdırlar.