Türkiyədə 2024-cü ilin sonuna inflyasiyanın 43,52 faiz olacağı gözlənilir.
Fins.az xəbər verir ki, bu proqnoz iyun ayında Respublika Mərkəzi Bankının sorğusunda iştirak edən bazar iştirakçıları tərəfindən səsləndirilib.
May ayında bu göstərici 43,64 faiz təşkil edib. Ayın sonunda Türkiyədə inflyasiya, rəsmi məlumatlara görə, 75,4 faizə çatıb. Türkiyənin maliyyə naziri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, inflyasiyanın azalması iyunda başlayacaq və ilin sonuna qədər 38 faizə enəcək.
Bazar iştirakçılarının proqnozlarına görə, Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilin sonuna kimi 50,77 faiz təşkil edəcək. May ayında keçirilən sorğuda respondentlər 51,51 faiz nisbətini proqnozlaşdırmışdılar. Türkiyə Mərkəzi Bankı mart ayından etibarən əsas faiz dərəcəsini dəyişməyərək 50 faiz səviyyəsində saxlayıb.
Türkiyənin ilin sonuna qədər iqtisadi artım proqnozları dəyişməyib və may ayı sorğusunda olduğu kimi, 3,3 faiz səviyyəsində qalıb. Onlar hakimiyyətin gözləntiləri ilə üst-üstə düşür.
Türkiyənin milli valyutasının ABŞ dolları qarşısında məzənnəsi, bazar iştirakçılarının fikrincə, bir ay əvvəl 38,78 lirəyə nisbətdə ilin sonunda 1 dollar üçün 37,75 türk lirəsi olacaq. İyunun 14-ü səhər saatlarına olan məlumata görə, lirənin məzənnəsi 1 dollar üçün 32,61-dir.
Mərkəzi Bank hər ay bazar iştirakçıları arasında sorğular keçirir. Ənənəvi olaraq orada 68 nəfər iştirak edir.