DÜNYA

10 İyun

Narendra Modi üçüncü dəfə and içərək vəzifəsinin icrasına başladı

Hindistanın “Bharatiya Canata'' Partiyasının rəhbərlik etdiyi Milli Demokratik Alyansın (MDA) lideri Narendra Modi and içərək vəzifəsinin icrasına başlayıb.
Fins.az xəbər verir ki, ölkədə təxminən 6 həftə davam edən seçkilərin qalibi olan Narendra Modi Prezident İqamətgahında keçirilən mərasimdə and içərək üçüncü dəfə baş nazir oldu. 
Narendra Modi ölkədə ardıcıl üçüncü dəfə hökumət başçısı postunu tutan ikinci siyasətçi olub. Ondan əvvəl buna Hindistanın ilk Baş naziri Cəvahirləl Nehru nail olub. Narendra Modi daha beş il bu vəzifəni icra edəcək.
Paytaxtda keçirilən mərasimdə sənətçilər və iş adamları da daxil olmaqla 8 mindən çox insan, həmçinin Şri-Lanka Prezidenti Ranil Vikremesinqhe, Nepalın Baş naziri Puşpa Kamal Dahal, Butan Baş naziri Tshering Tobgay, Banqladeş Baş naziri Şeyx Hasina və Maldiv adalarının prezidenti Məhəmməd Muizzu  iştirak ediblər.
Qeyd edək ki, Hindistan seçiciləri aprelin 19-u və iyunun 1-də 28 ştat və 8 xüsusi inzibati bölgədə səs vermişdilər.
Təxminən 970 milyon seçicinin olduğu ölkədə səslərin hesablanması iyunun 5-də başa çatıb.