DÜNYA

07 İyun

TİKA və İƏT anlaşma memorandumu imzalandı

 Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında inkişaf və humanitar yardım sahəsində institutlararası əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalandı.

Fins.az xəbər verir ki, TİKA-nın verdiyi yazılı açıqlamaya görə, İƏT-in Ciddədəki Baş Katibliyinin binasında keçirilən mərasimdə imzalanan anlaşma memorandumu qurumların öz sahələrində bilik, təcrübə və kommunikasiya şəbəkələrini birləşdirmək məqsədi daşıyır.

Beynəlxalq inkişaf səylərində ümumi məqsədlərə uyğun əməkdaşlıq etməsi planlaşdırılan sazişdə həmçinin İƏT-ə üzv dövlətlər arasında inkişaf və humanitar yardım əməkdaşlığı, yoxsulluğun azaldılması, təbii fəlakətlər və ya münaqişələr nəticəsində təsirlərə məruz qalan ölkələr arasında institusional əlaqələri inkişaf etdirmək və gücləndirmək məsələləri əks olunur. 

Anlaşma memorandumu İƏT-ə üzv dövlətlərdə yoxsulluğun azaldılması, təhsil, səhiyyə, su və gigiyena, kənd və şəhər yerlərində davamlı yaşayış imkanlarının inkişafı kimi müxtəlif sahələrdə əməkdaşlıq layihələrinin həyata keçirilməsini əhatə edir.

Sosial və iqtisadi proqramların həyata keçirilməsində dövlət qurumlarına texniki və inkişaf yardımının göstərilməsi, İƏT əməkdaşları və İƏT-ə üzv ölkələrin müvafiq qurumlarının əməkdaşları üçün bacarıqların artırılması üzrə TİKA təlimlərinin təşkili də bu memorandumun əhatə dairəsinə daxildir.