DÜNYA

10 May

ÇXR XİN: Bayden Çin mallarına yeni rüsumlar planlaşdırmaqla Trampın səhvini təkrarlayır

ABŞ-ın hazırkı administrasiyası Çin mallarının idxalına yeni rüsumlar tətbiq etməklə əvvəlki səhvlərini təkrarlayır.

AZƏRTAC xəbər verir ki, ÇXR Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tzyan bunu jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

O, Ağ evin əvvəlki administrasiyasının 1974-cü il Ticarət Aktının 301-ci maddəsinə uyğun olaraq Çin idxalına rüsumlar tətbiq etməsinə və bunun iki ölkə arasında normal ticari-iqtisadi mübadilələrə ciddi zərər vurduğuna diqqət çəkib. “Birləşmiş Ştatlar nəinki səhvlərini düzəltmədi, eyni zamanda iqtisadi və ticari məsələləri siyasiləşdirməyə davam etdi”, - deyə Lin Tzyan bildirib.

Çinli diplomat ABŞ-ı Ümumdünya Ticarət Təşkilatının qaydalarına əməl etməyə və ÇXR-ə tətbiq edilən bütün rüsumları aradan qaldırmağa çağırıb.

Bir müddət öncə ABŞ Prezidenti Cozef Bayden Çindən idxal olunan polad və alüminium üçün rüsumları üç dəfə artırmaq niyyətində olduğunu elan edib. Dövlət başçısı, həmçinin elektromobillər də daxil olmaqla, Çinin strateji sektorlarını hədəfə alan yeni tariflərin tətbiqini planlaşdırdığını bildirib.

Qeyd edək ki, bundan öncə Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp administrasiyası 370 milyard dollarlıq Çin mallarına rüsumlar tətbiq etməklə faktiki olaraq ticarət müharibəsinə başlayıb.