DÜNYA

09 May

ABŞ “Intel” və “Qualcomm”-un “Huawei”-ə çiplərin satışını qadağan etdi

ABŞ hakimiyyəti Çinin “Huawei Technologies” şirkətinə çip tədarükü üçün “Intel” və “Qualcomm”-un ixrac lisenziyalarını ləğv etdi. Bu barədə “Reuters” mövzu ilə tanış olan mənbələrə istinadən yazır.

Mayın 7-də bəzi şirkətlərə lisenziyaların ləğvi barədə məlumat verildi. ABŞ-ın Ticarət Departamenti həmin gün bunu təsdiqlədi, lakin konkret şirkətlərin adını çəkmədi.

Analitiklər qeyd edirlər ki, bənzər bir addım ilk süni intellektlə işləyən, “Intel Core Ultra 9” prosessoru ilə təchiz olunmuş “Huawei” noutbukunun buraxılmasından sonra atılıb. Məsələ ABŞ-da respublikaçıların tənqidinə səbəb olmuşdu. 

Bunun fonda Çinin maliyyə xəbərləri portalı “Hexun” qeyd edir ki, ixrac məhdudiyyətlərinə baxmayaraq, “Huawei”-in gəlirləri artır. 2024-cü ilin I-ci rübü üzrə hesabatı göstərir ki, şirkət 178 milyard yuandan çox (24.6 milyard dollardan çox) gəlir əldə edib ki, bu da ötən il ilə müqayisədə 36% çoxdur. Xalis mənfəət təxminən 19.65 milyard yuan (2.7 milyard dollardan çox) təşkil etmişdir.

Qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyi mayın 1-də Honkonq da daxil olmaqla Çindən 20 şirkəti, Rusiya ilə əməkdaşlıqlarına görə, “SDN siyahısı”-na daxil edib. Eyni zamanda, amerikalıların real motivləri ümumiyyətlə şirkətləri Rusiya ilə əlaqələrə görə cəzalandırmaq olmaya bilərdi: buna misal kimi “ZTE” və “Huawei”-in İrana dəstək verdiyinə görə sanksiya altına düşməsi, əslində isə “Huawei”-in dünya 5G bazarında bir oyunçu olaraq aradan qaldırılması məqsədini nümunə kimi gətirmək olar. Nəticədə, bu tədbirlər Çin və ABŞ arasında davam edən texnoloji qarşıdurmanın bir hissəsi və ya Honq Konq, Sincan və Rusiya ilə bağlı məsələlər ola bilər.