Federal Ehtiyyatlar Sisteminin Federal Açıq Bazar Komitəsinin (FOMC) çərşənbə günü sona çatan toplantısından sonra verdiyi açıqlamaya əsasən, FED faiz dərəcəsini illik 5.25-5.5% səviyyəsində saxladı.
Fins.az xəbər verir ki, qərar FOMC üzvləri tərəfindən yekdilliklə qəbul edilib və əksər analitik və iqtisadçıların proqnozları ilə üst-üstə düşüb.
Göstəricinin hal-hazırda olduğu hədd son 23 ilin ən yüksək səviyyəsidir. Eyni zamanda, FED ardıcıl altıncı toplantıda uçot dərəcəsini dəyişmir.
"Son məlumatlar göstərir ki, iqtisadi fəaliyyət güclü templə genişlənməyə davam edir. İş yerlərinin sayında artım güclü olaraq qalır və işsizlik səviyyəsi aşağı səviyyədədir. İnflyasiya ötən il azalsa da, yüksək olaraq qalmaqda davam edir" - tənzimləyici qurumun yaydığı məlumatda deyilir.
Eyni zamanda açıqlamada - "son aylarda FOMC-un 2%-lik inflyasiya hədəfinə nail olmağında heç bir irəliləyiş olmayıb" - ifadəsi yer alır.
"Komitə hesab edir ki, məşğulluq və inflyasiya hədəfləri ilə bağlı risklər son bir ildə daha çox balanslaşdırılmışdır. İqtisadi perspektiv qeyri-müəyyəndir və FOMC inflyasiya risklərinə qarşı çox həssas olaraq qalır. Bu məqsədlərə nail olmaq üçün biz federal kredit dərəcəsi üzrə hədəf diapazonunu illik 5.25-5.5% səviyyəsində saxlamaq qərarına gəldik”- açıqlamada deyilir.
Həmçinin Federal Ehtiyatlar Sistemi balansındakı aktivlərin (dövlət istiqrazları və ipoteka qiymətli kağızları) həcmini azaltmağa davam etmək niyyətindədir. Eyni zamanda, iyun ayından başlayaraq, FED dövlət qiymətli kağızlarının ödənilməsi üzrə aylıq limiti 60 milyard dollardan 25 milyard dollara endirməklə “kəmiyyət sərtləşdirmə” tempini azaldacaq. İpoteka istiqrazları üzrə limit eyni səviyyədə - 35 milyard dollar səviyyəsində qalacaq.
FED-in bəyanatında deyilir: “Biz inflyasiyanın 2%-lik hədəfimizə qaytarılmasına qətiyyətlə sadiqik”.
Monetar siyasətinin məqsədəuyğunluğunu qiymətləndirərkən, FOMC daxil olan məlumatların iqtisadi perspektivə təsirini izləməyə davam edəcək.
"Komitə FOMC üçün məqsədlərinə nail olunmasına xələl gətirə biləcək risklər yaranarsa, zəruri hallarda pul-kredit siyasətinə yanaşmasını tənzimləməyə hazırdır. Komitə əmək bazarının vəziyyəti, inflyasiya təzyiqləri və inflyasiya ilə bağlı məlumatlar da daxil olmaqla, geniş məlumat spektrini nəzərə alacaq. Həmçinin bu siyahıya maliyyə bazarlarında baş verən hadisələrlə bağlı məlumatları da daxil etmək olar”, - sənəddə deyilir.