DÜNYA

25 Aprel

Almaniyanın 2024-cü il üçün artım proqnozu

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Berlində keçirdiyi mətbuat konfransında iqtisadi artımla bağlı yaz proqnozlarını açıqlayıb.

Fins.az xəbər verir ki, hökumətin fevral ayında 0,2% olaraq açıqladığı bu il üçün rəsmi böyümə gözləməsi 0,3%-ə yüksəlib. Almaniya hökuməti 2025-ci ildə iqtisadiyyatın 1 faiz artacağını gözləyir.

Hökumət zəif qlobal tələb, geosiyasi qeyri-müəyyənlik və qeyri-adi yüksək inflyasiyanın təsiri ilə 2023-cü ilin noyabrında 1,3 faiz olaraq açıqlanan bu il üçün artım gözləntisini fevral ayında 0,2 faizə endirib.

İnflyasiya proqnozları da 0,4 bənd azaldılıb və ötən il 5,9 faiz olan inflyasiyanın bu il 2,4 faiz, 2025-ci ildə isə 1,8 faizə düşəcəyi proqnozlaşdırılıb.

Avropanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada işsizlik nisbətinin 2024 və 2025-ci illərdə müvafiq olaraq 5,8 və 5,6 faiz olacağı təxmin edilir.

Bu il ixracın 0,6 faiz azalacağı, gələn il isə 3,1 faiz artacağı gözlənilir.

Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyasından (FDP) ibarət hökumət bu il sabit investisiyaların 1,8 faiz azalacağını, 2025-ci ildə isə bu investisiyaların 0,7 faiz artacağını proqnozlaşdırır.

Nazir Habeck məsələ ilə bağlı verdiyi qiymətləndirmədə iqtisadiyyatda cüzi bir dövri canlanma gördüklərini və iqtisadiyyatın yavaş-yavaş zəif vəziyyətdən çıxmağa başladığına işarələr olduğunu ifadə edərək, “2024-cü il üçün iqtisadi gözləntilərimizi bir qədər yuxarıya doğru nəzərdən keçiririk" dedi.

Günel Məlikzadə
Fins.az