DÜNYA

25 Aprel

Milyard dollarlıq yardım paketi

Ağ Evin yazılı bəyanatında deyilir: “Bu gün Birləşmiş Ştatlar Rusiya təcavüzünə qarşı öz ölkəsini və azadlığını müdafiə edən cəsur Ukrayna xalqına dəstək olaraq Ukraynaya əhəmiyyətli yeni silah və texnika paketi elan edir”.

Fins.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden dünən axşam  95 milyard dollarlıq xarici yardım paketini təsdiqləyib. Bu yardımdan Ukraynaya ayrılan 61 milyard dollarlıq hissə daxilində açıqlanan ilk yardım göndərişinin dəyərinin 1 milyard dollara çatacağı açıqlanıb.

Yardım paketinə hava hücumundan müdafiə raketləri, yüksək hərəkət qabiliyyətinə malik artilleriya raket sistemi (HIMARS) sursatları, artilleriya mərmiləri, zirehli texnikalar, dəqiq hava sursatları, tank əleyhinə silahlar kimi təcili ehtiyac duyulan hərbi materialların daxil olduğu bildirilib. Paketdə yüngül silahlar, texnika və ehtiyat hissələrinin olduğu da qeyd edilib.

Digər tərəfdən ABŞ Müdafiə Nazirliyi verdiyi yazılı açıqlamada yeni yardım paketi ilə ABŞ prezidenti Bayden və hökumətinin 2021-ci ilin avqust ayından etibarən Müdafiə Nazirliyinin inventarlarından Ukraynaya 56-cı dəfə yardım göndərəcəyini bildirib.

Nazirlik 1 milyard dollarlıq hərbi yardıma 155 millimetrlik artilleriya mərmiləri, Javelin və AT-4 tank əleyhinə silahlar, idarə olunan TOW raketləri, minaya davamlı MRAP və Bradley zirehli maşınları, aşağı hündürlükdə Stinger kimi xüsusi sursatların daxil olduğu məlumatını paylaşıb. 

Günel Məlikzadə
Fins.az